BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyənin Bursa vilayətinin Nilüfər rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb.
AzerVoice-un məlumatına görə, günorta saatlarında başlayan və qısa müddətdə genişlənən yanğına Bursa Meşə Regional İdarəsinə məxsus yanğınsöndürmə maşınları, xüsusi briqadalar və helikopterlər vasitəsilə havadan müdaxilə olunub.
Fövqəladə xidmətlərin koordinasiyalı fəaliyyəti nəticəsində alovlar ətraf yaşayış məntəqələrinə çatmadan söndürülüb. Hazırda ərazidə soyutma işləri davam etdirilir.
Qeyd edək ki, son aylarda Türkiyənin bir çox bölgəsi meşə yanğınları ilə üz-üzə qalıb. 2025-ci ilin iyun və iyul aylarında İzmir, Eskişehir, Sakarya, Bilecik, Manisa və Hatayda genişmiqyaslı yanğınlar qeydə alınıb.
İzmir vilayətindəki yanğınlar nəticəsində 50 mindən çox insan təxliyə olunub, 200-dən çox ev və bir neçə iş yeri zərər görüb. Yanğınların səbəbləri arasında yüksək temperatur, güclü külək və elektrik xətlərindəki nasazlıqlar göstərilir. Söndürmə əməliyyatlarına mindən çox yanğınsöndürən, yüzdən artıq xüsusi texnika, 14 helikopter və 4 su təyyarəsi cəlb edilib.
Eskişehirdə baş verən yanğın daha faciəvi nəticələrə səbəb olub – 10 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb. Həlak olanlar arasında 28 yaşlı bir meşə işçisi və 2023-cü ildə zəlzələ xilasetmə əməliyyatlarında iştirak etmiş AKUT könüllüsü də var.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi fonunda Türkiyədə yanğın riski daşıyan günlərin sayı ildən-ilə artır. 2025-ci ildə bir çox bölgədə eyni anda bir neçə yanğın baş verib ki, bu da yanğınsöndürmə qüvvələrinin işini daha da çətinləşdirib.