BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır.
AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan 16-cı Səfirlər Konfransında çıxış edən Hakan Fidan qeyd edib ki, müharibənin ilk günündən Türkiyənin mövqeyi dəyişməz olub. Onun sözlərinə görə, Ankara müharibənin hərbi deyil, diplomatik yollarla başa çatdırılmasını əsas prinsip kimi qəbul edib.
“Bizim inancımız aydındır: müharibənin qalibi olmur, ədalətli sülhün isə məğlubu olmaz”, – deyə nazir vurğulayıb.
Fidan bildirib ki, Türkiyə münaqişənin diplomatiya masasında həlli üçün ən intensiv səylər göstərən ölkələrdən biri olub. O əlavə edib ki, İstanbul hazırda tərəflərin texniki səviyyədə görüşə bildiyi və sülhün əsas parametrlərini müzakirə etdiyi yeganə platforma olaraq qalır.
