BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyə və Gürcüstan polisi birgə əməliyyatla axtarışda olan 14 cinayətkarı saxlayıb.
AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstan polisi ilə birgə keçirilən əməliyyat nəticəsində qırmızı bülletenlə beynəlxalq axtarışda olan 12 nəfərin və milli axtarışda olan 2 şəxsin tutulduğunu bildirib. Saxlanılanlar arasında adam öldürməyə cəhd, ağır quldurluq, fırıldaqçılıq, narkotik maddə dövriyyəsi, silah-sursat saxlama və uşaqlara qarşı cinsi istismar kimi ağır cinayətlərdə ittiham olunan şəxslər var. Yerlikaya qeyd edib ki, saxlanılanlar barəsində ekstradisiya prosedurlarına başlanılıb.
Qeyd edək ki, əməliyyat Gürcüstanda aparılan araşdırmalar nəticəsində axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi ilə başlayıb. Nazir Yerlikaya Gürcüstan Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və əməliyyata dəstək verən bütün qurumlara təşəkkürünü bildirib. O vurğulayıb ki, “hansı ölkəyə qaçsalar da, türk polisindən gizlənə bilməyəcəklər”.