BAKI, AzerVoice, Nailə Babazadə
İspaniyanın şimal-qərb və cənub-qərb bölgələrində baş verən meşə yanğınlarına görə 10 mindən çox insan təxliyə edilib, quru və dəmir yolu nəqliyyatı ciddi şəkildə pozulub.
AzerVoice xəbər verir ki,ölkənin şimal-qərbində yerləşən Kastiliya və Leon muxtar bölgəsinə daxil olan Leon və Zamora şəhərlərinin ətrafında yayılan meşə yanğınları nəticəsində 34 kənd boşaldılıb.
6 nöqtədə yanğınların davam etdiyi bölgədə 8 minə yaxın insan gecəni evlərindən kənarda keçirməli olub.
Qalisya muxtar bölgəsinə daxil olan Ourense şəhərinin ətrafında baş verən meşə yanğınları artıq 5-ci gündür davam edir.
Əsgərlərin də söndürmə işlərinə dəstək verdiyi bu yanğınlar səbəbilə təxminən min nəfər evlərini tərk edib.
Milli mətbuatın xəbərinə görə, ölkə üzrə 1200 əsgər yanğınsöndürmə işlərinə cəlb olunub.
İspaniya Yol Hərəkəti Baş İdarəsi şimaldan cənuba qədər yanğınlardan təsirlənən bölgələrdə 13 avtomobil yolunun bağlandığını açıqlayıb.
Ölkənin cənubundakı Ekstremadura muxtar bölgəsində də meşə yanğınları ilə mübarizə davam edir.
Yerli idarəetmə orqanları bu bölgədə təxminən 900 nəfərin evlərindən təxliyə edildiyini bildirib.
İspaniya hökuməti meşə yanğınlarının söndürülməsi üçün Avropa İttifaqından (Aİ) yardım istəyib.
Daxili işlər naziri Fernando Grande Marlaska, Aİ-nin iki ədəd yanğınsöndürmə təyyarəsi (Canadair) göndərəcəyini bildirib.
Qeyd edək ki, İspaniyada son iki gün ərzində meşə yanğınlarını söndürmə işləri zamanı 2 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 11 nəfər isə yaralanıb.
Avqust ayının əvvəlindən bu yana təxminən 50 min hektar meşəlik sahə yanıb. İspaniya son illərin ən böyük meşə yanğınlarını yaşayır.
Portuqaliyada isə meşə yanğınları ilə mübarizə məqsədilə 3 avqustda elan edilən və iki dəfə uzadılan fövqəladə vəziyyət 15 avqust axşamı başa çatacaq.
Ölkənin şimalında yerləşən Taboçao bölgəsindəki yanğınlar nəzarət altına alınıb, lakin Arganildə davam edən meşə yanğınlarını söndürmək üçün işlər gücləndirilib.