BAKI, AzerVoice, Zeynəb Raminqızı
Çanaqqalada 1400 hektarlıq yanğına səbəb olan iki şübhəli sərbəst buraxılıb.
AzerVoice xəbər verir ki, Çanaqqalada baş verən genişmiqyaslı meşə yanğını nəticəsində ümumilikdə 1400 hektar ərazi, o cümlədən 400 hektar meşə sahəsi məhv olub. Yanğın güclü külək səbəbilə qısa müddətdə geniş əraziyə yayılıb.
Hadisə ilə əlaqədar aparılan istintaq nəticəsində yanğının törədilməsində şübhəli bilinən şəxslər müəyyən edilib. Bildirilir ki, hər iki şəxs əqli cəhətdən qeyri-sabit olaraq qiymətləndirilib. Onlar məhkəmə qarşısına çıxarıldıqdan sonra sərbəst buraxılıb.
Fövqəladə Hallar xidmətləri tərəfindən əraziyə 4 təyyarə, 6 helikopter, 24 su maşını, 12 su təchizatı maşını, 16 yanğınsöndürən maşını, 3 ilkin müdaxilə maşını, 6 buldozer, 5 qoşqu, 11 xarici dəstək maşını və 220 canlı qüvvə göndərilib. Komandalar alovla həm qurudan, həm də havadan mübarizə aparıb.
Yanğın nəticəsində Naldöken kəndində qəbiristanlıq, heyvan tövlələri, kənd təsərrüfatı texnikası ciddi ziyan görüb, saman ehtiyatları külə dönüb. Bəzi tövlələrdə xırdabuynuzlu heyvanlar tələf olub. Təhlükəsizlik məqsədilə Taşağıl, Tuzla, Naldöken və Çamköy kəndləri boşaldılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.