BAKI, AzerVoice, Səməd Əyyubov – Avqustun 2-də İstanbul və Antalya hava limanlarında həm sərnişin sayı, həm də uçuş sayında bütün zamanların rekordu qırılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Nazirin sözlərinə görə, İstanbul Hava Limanı həmin gün 282 min 70 sərnişin və 1 698 uçuşla təkcə Türkiyənin deyil, Avropanın da indiyə qədər qeydə alınmış ən yüksək gündəlik sərnişin və uçuş sayına çatıb.
Eyni tarixdə Antalya Hava Limanı da 1 225 uçuş və 228 min 427 sərnişinlə bütün zamanların rekordunu yeniləyib. Uraloğlu bu uğuru Türkiyənin beynəlxalq hava nəqliyyatındakı gücünün və logistik potensialının göstəricisi kimi dəyərləndirib.
Bundan əvvəl, Uraloğlu, 24 iyul tarixində Türk hava məkanında min tranzit uçuşa xidmət göstərildiyini və bunun bütün zamanların ən yüksək gündəlik tranzit uçuş göstəricisi olduğunu bildirmişdi.