BAKI, AzerVoice
Türkiyə Xarici İşlər naziri Hakan Fidan bu gün Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığı aparıb.
AzerVoice türk KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı Suriyanın cənubundakı vəziyyət müzakirə edilib.
Fidan bildirib ki, Türkiyə bölgədəki hadisələri yaxından izləyir. O, bölgədə ən qısa zamanda sakitliyin təmin olunmasını istədiklərini və bu istiqamətdə töhfə verməyə hazır olduqlarını bildirib. Nazir həmçinin, Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə və suverenliyinə dəstəyini vurğulayıb.
İsrailin Suriyaya müdaxiləsinin qəbuledilməz olduğunu bildirən Fidan, İsrail hökumətinin regional sabitliyə və Suriya xalqının gələcəyinə təhdid yaradan hərəkətlərinə son verməsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.
16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.
Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.