BAKI, AzerVoice
ABŞ, Suriyanın cənubundakı Suveyda vilayətində vəziyyətin sabitləşdirilməsi və bu bölgəyə Suriya hökumətinin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi üçün İsrailə təzyiq göstərir.
AzerVoice xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
“Vaşinqton Suriya prezidenti Əhməd əş-Şaraaya dəstəyi davam etdirir və İsrailə bu böhranı sona çatdıracaq razılaşmaların əldə olunması üçün müdaxiləni dayandırmaq məqsədilə təzyiq göstərir” - deyə, mənbə bildirib.
Onun sözlərinə görə, ABŞ, Suveyda vilayətinə hökumətin təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi məqsədilə aparılan danışıqlarda iştirak edir. Qeyd olunub ki, cümə günü vilayətdə ərəb tayfaları ilə druzlar arasında toqquşmalar davam edib.
Bundan əvvəl, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirmişdi ki, tərəflər gün sonuna qədər Suriyada sabitliyin təmin olunmasına nail olmaq üçün tədbirlər görmək barədə razılığa gəliblər. “The Times of Israel” qəzetinin məlumatına görə, İsrail, əvvəllər Dəməşqin silahlı qüvvələrinin bölgəyə daxil olmasına qarşı olduğunu bəyan etməsinə baxmayaraq, Suveydada Suriya təhlükəsizlik qüvvələrinin 48 saatlıq məhdud mövcudluğuna razı olmağa hazırdır.
Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.
16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.
Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.