Əsas səhifə » Türkiyə- Böyük Britaniya Azad Ticarət Sazişi danışıqlarının ilk mərhələsi başa çatıb

Türkiyə- Böyük Britaniya Azad Ticarət Sazişi danışıqlarının ilk mərhələsi başa çatıb

BAKI, AzerVoice

Türkiyə ilə Böyük Britaniya arasında Azad Ticarət Sazişi üzrə danışıqların ilk mərhələsi başa çatıb.

AzerVoice xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi Böyük Britaniya ilə Azad Ticarət Sazişinin (STA) yenilənməsinə dair danışıqların ilk mərhələsinin uğurla tamamlandığını açıqlayıb.

May ayında Ticarət naziri Ömər Bolatın Londona səfəri zamanı əldə edilən razılaşmaya əsasən başlanan danışıqların ilk raundu Ankarada keçirilib. Hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə baş tutan görüşlərdə STA-nın əhatə dairəsinin genişləndirilməsi və xidmət sektorları üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra vacib məsələlər müzakirə olunub.

Yeni saziş kənd təsərrüfatı məhsulları üçün bazarların açılmasını, gömrük prosedurlarının sadələşdirilməsini, rəqəmsal və ənənəvi ticarət kanallarının effektivliyini, İslam maliyyəsi daxil olmaqla maliyyə xidmətləri üzrə imkanların artırılmasını hədəfləyir. Həmçinin səhiyyə və audiovizual xidmətlər,kiçik və orta müəssisələr (KOM), qadınların iqtisadi rolu və ətraf mühit məsələləri üzrə əməkdaşlıq planlaşdırılır.

Qeyd edək ki, Böyük Britaniya 8 milyard dollarlıq xarici ticarət profisiti ilə Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 22 milyard dollara çatıb. STA-nın növbəti raundunun 2025-ci ilin sonunda keçirilməsi nəzərdə tutulur.

Digər Kateqoriyalar

2025 © Azervoice