BAKI, AzerVoice
Türkiyə Milli Müdafiə Nazirliyi İsrailin Suriyaya hücumlarını kəskin şəkildə pisləyib və Suriyaya dəstək verməyə hazır olduğunu bəyan edib.
AzerVoice xəbər verir ki, nazirliyin
sözçüsü, kontr-admiral Zeki Aktürk son bir həftəlik fəaliyyətlərə
dair keçirdiyi mətbuat konfransında İsrailin Dəməşqə endirdiyi hava
hücumlarını “bölgədə sülh və təhlükəsizlik mühitini hədəf alan açıq
təxribat” adlandırıb.
O bildirib ki, əgər Suriya istəsə, Türkiyə onun müdafiə
qabiliyyətini artırmaq və terrorla mübarizəsinə dəstək vermək üçün
hər cür yardıma hazırdır.
“İsrailin Suriyanın cənubuna və Dəməşqə yönəlmiş hücumları bölgədəki sülh ümidlərini hədəfə alır. Bu təcavüzkar yanaşma dərhal dayandırılmalıdır” – deyə o Aktürkün sözlərinə görə, İsrailin hücumlarının yalnız Suriya deyil, bütün region üçün qeyri-sabitlik və xaos təhlükəsi yaratdığını bildirib.
Aktürk, həmçinin Qəzzadakı humanitar böhrana toxunaraq, bölgədə
aclığın və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin
davam etdiyini vurğulayıb.
“Bu çərçivədə Qəzzaya humanitar yardımın fasiləsiz axını təmin
edilməli və ədalətli, davamlı sülh prosesi başlatılmalıdır. Türkiyə
olaraq, 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan
müstəqil Fələstin dövlətinin qurulmasına dəstəyimizi bir daha ifadə
edirik” – deyə o əlavə edib.
Qeyd edək ki, İsrailin Suriyada bir neçə hərbi və mülki hədəfi vurması beynəlxalq aləmdə də narahatlıq doğurub. Dəməşq bu hücumları ölkənin suverenliyinə qarşı birbaşa təcavüz kimi qiymətləndirir.