BAKI, AzerVoice
Suriyanın parçalanmasına qətiyyən icazə verməyəcəyik.
AzerVoice xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İsrail qanun və prinsipləri tanımayan terror dövlətidir. İsrail dayandırılmazsa, əvvəlcə regionu, sonra isə bütün dünyanı alova verəcək. Biz bütün ssenarilərə qarşı zəruri tədbirlərimizi görürük. Qonşumuz Suriya dövlətinin bütövlüyünün qorunması bizim əsas siyasətimizdir. Suriyanın parçalanmasına qətiyyən icazə verməyəcəyik. Suriyanın cənubu ilə şimalı arasında dəhliz açmaq istəyənlər məqsədlərinə çata bilməyəcəklər" - deyə, Ərdoğan bildirib.
"Necə ki, sərhədlərimiz daxilindəki kürd vətəndaşlarımız bizim bir parçamızdır, eynilə Suriyadakı kürd vətəndaşlar da bizim bir parçamızdır. İnşallah onların da qurban verilməsinə icazə verməyəcəyik" - deyə, o əlavə edib.
Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.
16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.
Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.