Əsas səhifə » Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib

BAKI, AzerVoice

İyulun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli "AB" yaşayış sahəsində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 3500-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

AzerVoice xəbər verir ki, “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş bu həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb. Həyətdə bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi salınıb. Eyni zamanda, həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları yerləşdirilib, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ yeni ağaclar və mövsümi güllər, eləcə də kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən, havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi 2017-ci ildən etibarən icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 159 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin “qaynar xətt”i “1113” və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice