BAKI, AzerVoice
Türkiyənin Koluman şirkəti təhlükəsizlik qüvvələri üçün hazırladığı yeni nəsil KISRAK 4x4 Taktik Təkərli Vasitəni ilk dəfə IDEF 2025 sərgisində təqdim edəcək.
AzerVoice xəbər verir ki, Koluman Automotive Industry Inc. tərəfindən istehsal edilən yeni KISRAK 4x4 vasitəsi çətin ərazilərdə yüksək hərəkətlilik və çoxfunksiyalı istifadə imkanları təklif edir. Şəxsi heyət və yük daşımaları, kəşfiyyat, logistik dəstək, komanda mərkəzi və yanacaq tankeri kimi müxtəlif sahələrdə istifadəyə uyğunlaşdırılmış bu taktiki vasitə, 330 at gücündə mühərrikə, avtomatik transmissiyaya və 6.5 tonluq yükgötürmə qabiliyyətinə malikdir.
Koluman şirkətinin Hərbi Layihələr üzrə Baş Müdir müavini Zəfər Özcan bildirib ki, yeni avtomobil tamamilə şirkətin daxili resursları ilə hazırlanıb və aşağı texniki xidmət tələbləri sayəsində sahə istifadəsində iqtisadi səmərəliliyi artıracaq. O əlavə edib ki, şirkət sərgidə həmçinin Zirehli Döyüş Sahəsi Yanacaq Tankerini (AKTAN) və DAS adlı Nivelirləmə Alt Sistemini də nümayiş etdirəcək. Zirehli AKTAN çətin əməliyyat şəraitində ballistik qoruma ilə təhlükəsiz yanacaq təminatı məqsədilə hazırlanıb və artıq ilk 10 ədədinin təhvili başa çatıb.
DAS sistemi isə 40 tonluq platformalara inteqrasiya edilərək radar və hava hücumundan müdafiə sistemlərinin performansını artırır və iki oxda yüksək dəqiqlikli avtomatik nivelirləmə imkanı verir.
Qeyd edək ki, IDEF 2025 sərgisi Koluman üçün həm məhsullarını təqdim etmək, həm də Avropa, Yaxın Şərq və Afrika bazarlarında strateji tərəfdaşlıqları gücləndirmək baxımından əhəmiyyətli platforma hesab olunur.