BAKI, AzerVoice
Tekirdağın Şarköy bölgəsində baş verən meşə yanğını qismən nəzarət altına alınıb.
AzerVoice xəbər verir ki, Tekirdağın
Şarköy rayonunun İstiklal məhəlləsində iyulun 15-də başlayan meşə
yanğını 42 saat sonra qismən nəzarətə götürülüb.
Əkin sahəsində başlayan və meşəlik əraziyə yayılan yanğının
söndürülməsi üçün genişmiqyaslı tədbirlər görülüb.
Yanğının söndürülməsi üçün 15 yanğınsöndürən təyyarə, 19 helikopter, 500-ə yaxın texnika və 1181 nəfərlik canlı qüvvə cəlb olunub. Hazırda bölgədə yük maşınları, su çənləri və yanğınsöndürən texnika ilə işlər davam etdirilir.
Havanın küləksiz keçməsi və tüstünün sıxlığının azalması yanğının lokallaşdırılmasına kömək edib. Zərər çəkmiş meşə ərazisi pilotsuz uçuş aparatları vasitəsilə havadan müşahidə olunub.
Tekirdağ valisi Rəcəb Soytürk və Meşə Təsərrüfatı Baş direktoru Bəkir Karacabey AFAD-ın Səyyar Koordinasiya Mərkəzindən yanğınsöndürmə işlərinə rəhbərlik edirlər.
Qeyd edək ki, Türkiyədə yay aylarında meşə yanğınları riskinin artması səbəbilə aidiyyəti qurumlar yüksək hazırlıq vəziyyətində saxlanılır.