BAKI, AzerVoice
Türkiyədə 5 ayrı mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən əməliyyatda 74 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki, Daxili İşlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edərək, jandarma qüvvələrinin 10 vilayətdə 5 ayrı mütəşəkkil cinayət təşkilatına qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 74 nəfərin saxlanıldığını bildirib.
Nazir qeyd edib ki, saxlanılan şəxslərdən 38-i barəsində həbs qərarı verilib, 18-i isə məhkəmə nəzarəti altına alınıb. Digər şübhəlilərlə bağlı istintaq tədbirləri davam edir.
Əməliyyatlar Adana, Antalya, Qaziantep, Hatay, Kahramanmaraş, Mersin, Aydın, Düzce, Sinop və İstanbul şəhərlərində həyata keçirilib. Saxlanılanlar müxtəlif bölgələrdə və fərqli üsullarla dələduzluq və narkotik ticarəti ilə məşğul olmaqda ittiham olunurlar. Onlara qarşı Cinayət təşkilatı qurmaq və ona üzv olmaq, İnformasiya sistemlərindən istifadə etməklə fırıldaqçılıq, Rəsmi sənəd saxtakarlığı və səlahiyyətlərdən sui-istifadə, Narkotik vasitələrin qanunsuz dövriyyəsi, Şəxsi məlumatların qanunsuz istifadəsi və yayılması, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayət maddələri ilə istintaq başladılıb.
MASAK (Maliyyə Cinayətlərini Araşdırma İdarəsi) tərəfindən aparılan istintaq nəticəsində şübhəlilərə aid 5 yaşayış yeri, 15 torpaq sahəsi, 6 mağaza, 32 avtomobil, 45 bank və 35 kriptovalyuta hesabı ələ keçirilib.
Qeyd edək ki, əməliyyatlar Baş Prokurorluqların koordinasiyası ilə Jandarma Baş Komandanlığının, Kəşfiyyat və KOM (Kibercinayət və Narkotiklərlə Mübarizə) idarələrinin birgə əməkdaşlığı ilə həyata keçirilib.