BAKI, AzerVoice
BMT-nin Baş katibi Antoniu Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava zərbələrini qınayıb və Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına dərhal son qoyulmasına çağırıb.
AzerVoice xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.
“Baş katib İsrailin Suriyanın paytaxtı Dəməşqə və ölkənin cənubundakı Suveyda şəhərinə endirdiyi hava zərbələrini, eləcə də İsrail Müdafiə Ordusunun Colan yüksəkliklərində qüvvələrini yenidən yerləşdirməsi ilə bağlı xəbərləri qınayır” – deyə, Düjarrik qeyd edib.
Qeyd edək ki, 13 iyul tarixində Suveyda vilayətində ərəb qəbilələrinin silahlı birləşmələri ilə dağlıq ərazilərin druz dəstələri arasında qarşıdurmalar başlayıb. İyulun 15-də Suriya ordusu vilayətin eyni adlı inzibati mərkəzinə daxil olaraq ərazidə sabitliyi təmin etmək məqsədilə əməliyyatlara start verib. Bundan dərhal sonra İsrail ordusu Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarını hədəfə almağa başlayıb. İsrail bu hücumları Suveyda vilayətində yaşayan druz əhalisini müdafiə etmək məqsədi ilə həyata keçirdiyini bildirib.
Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.