BAKI, AzerVoice
Suriya, İsrailin ölkənin Dəməşq və Suveyda vilayətlərinə həyata keçirdiyi hücumları pisləyib.
AzerVoice xəbər verir ki bu barədə Suriya Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda bildirilib.
“İsrail rəhbərliyinin Suriyada gərginliyi artırmaq, xaos yaratmaq, təhlükəsizliyi və asayişi pozmaq məqsədilə həyata keçirdiyi bu açıq hücum, BMT Nizamnaməsinin və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır” - deyə, bəyanatda qeyd olunub.
Bu kontekstdə beynəlxalq ictimaiyyətə və BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) çağırış edilərək, İsrailin hücumlarına qarşı məsuliyyət götürməyə və bu hücumların dayandırılması üçün konkret tədbirlər görməyə çağırılıb.
Bəyanatda vurğulanıb ki, Suriya bu təhlükəli eskalasiya və onun nəticələrinə görə məsuliyyəti İsrailin üzərinə qoyur və beynəlxalq hüquqla təmin olunmuş bütün vasitələrlə öz torpaqlarını və xalqını müdafiə etmək hüququnu qoruyacağını bəyan edir.
Qeyd edək ki, 13 iyul tarixində Suveyda vilayətində ərəb qəbilələrinin silahlı birləşmələri ilə dağlıq ərazilərin druz dəstələri arasında qarşıdurmalar başlayıb. İyulun 15-də Suriya ordusu vilayətin eyni adlı inzibati mərkəzinə daxil olaraq ərazidə sabitliyi təmin etmək məqsədilə əməliyyatlara start verib. Bundan dərhal sonra İsrail ordusu Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarını hədəfə almağa başlayıb. İsrail bu hücumları Suveyda vilayətində yaşayan druz əhalisini müdafiə etmək məqsədi ilə həyata keçirdiyini bildirib.
Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.