BAKI, AzerVoice
Türkiyədə Meşə Yanğını Genişlənib.
AzerVoice xəbər verir ki, Türkiyənin Tekirdağ şəhərində dünən günorta saatlarında başlayan meşə yanğını 21 saatdır davam edir.
Şenköy məhəlləsində qeyri-meşəlik sahədə naməlum səbəbdən baş verən yanğın külək səbəbilə genişlənərək Kavakköy kəndinə qədər çatıb.
Yanğının qarşısını almaq üçün havadan və qurudan genişmiqyaslı söndürmə əməliyyatı həyata keçirilir. Əraziyə 100-dən çox su maşını, 400-ə yaxın canlı qüvvə, 21 təyyarə və bir neçə helikopter cəlb olunub. Gecə saatlarında hava müdaxiləsi dayandırılsa da, səhər yenidən bərpa edilib.
İlkin ehtimallara görə, yanğının səbəbi bir quşun elektrik naqilinə toxunması ola bilər. Hadisə ilə bağlı araşdırma aparılır.
Ehtiyat tədbiri olaraq Şarköydəki Şenköy, Kızılcaterzi və Kocalı məhəllələri təxliyə olunub. 4 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Çoxlu sayda bağ sahəsi, kənd təsərrüfatı texnikası, tövlələr və traktorlar yanaraq yararsız hala düşüb. Tarixi əhəmiyyətə malik Sultan I Muradın 659 il əvvəl tikdirdiyi və hazırda bərpa olunan Murad Hüdavəndigar məscidinin bağçasındakı türbələr də alovdan zərər görüb.
Çanaqqala valisi Ömər Toraman və Meşə Təsərrüfatı Baş direktoru Bəkir Karacabey ərazidə vəziyyəti yaxından izləyir.
Qeyd edək ki, rəsmilər hazırda təbii qaz kəmərləri və hərbi obyektlər üçün risk olmadığını, yanğının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib.