BAKI, AzerVoice
TÜRKSAT 2024-cü ildə 16,6 milyard lirəlik satışla rekord əldə edib.
AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə bağlı TÜRKSAT AŞ ötən il 16 milyard 649 milyon lirəlik xalis satış həcmi ilə fəaliyyətini rekord səviyyəyə çatdırıb. Şirkətin 2024-cü il Fəaliyyət Hesabatına əsasən, satış dəyəri 15 milyard lirə, ümumi mənfəət isə 1,5 milyard lirə təşkil edib.
TÜRKSAT-ın faiz, vergi və amortizasiyadan əvvəlki mənfəəti (EBITDA) 3,722 milyard lirəyə çataraq 22 faiz marja ilə qeyd alınıb. Artım əsasən peyk və kabel rabitəsi infrastrukturuna yönəlmiş ardıcıl investisiyalarla əlaqələndirilir.
2024-cü ildə kabel televiziyası abunəçilərinin sayı azalaraq 1 milyon 309 minə düşüb, əvəzində kabel internet istifadəçilərinin sayı artaraq 1 milyon 412 minə yüksəlib.
Elektron Hökumət Şlüzü vasitəsilə ötən il 11,5 milyard xidmət göstərilib. Platformada təqdim olunan xidmətlərin sayı 8312-yə çatıb, istifadəçi sayı isə 66,6 milyon nəfəri ötüb. Belgenet sistemindən istifadə edən qurumların sayı 109-a, fərdi istifadəçilərin sayı isə 1 milyondan çoxa çatıb.
TÜRKSAT 2024-cü ildə dövlət qurumları və universitetlər üçün kibertəhlükəsizlik layihələri həyata keçirib. Dörd qurumun — Avtomobil Yolları Baş İdarəsi, Xəzinədarlıq və Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Səhiyyə Nazirliyi — İT infrastrukturu beş müxtəlif layihə çərçivəsində gücləndirilib.
Həmçinin Prezident Administrasiyasının müxtəlif bölmələrinə və nazirliklərə təhlükəsizlik testi və simulyasiya xidmətləri göstərilib. TÜRKSAT-ın kibertəhlükəsizlik fəaliyyətləri arasında sərhəd, şəbəkə, son istifadəçi və proqram təhlükəsizliyi üzrə geniş xidmətlər də yer alıb.
Qeyd edək ki, TÜRKSAT hazırda həm texnoloji inkişaf, həm də milli təhlükəsizlik baxımından Türkiyənin ən strateji dövlət şirkətlərindən biri sayılır.