BAKI, AzerVoice
Türkiyə Avropanın ən böyük təyyarədaşıyıcısını inşa edir.
AzerVoice xəbər verir ki, Türkiyə və İspaniya arasında əldə olunan razılaşmaya əsasən, təxminən 300 metr uzunluğunda olan və Avropanın ən böyük təyyarədaşıyan gəmisi olacaq yeni platformanın tikintisinə başlanılır.
Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən təsdiqlənən layihə İstanbul tərsanələrində reallaşdırılacaq. Gəminin inşasında türk mühəndisliyi və istehsal gücü əsas rol oynayacaq. İspaniyanın "Navantia" şirkəti ilə əməkdaşlıq edən Türkiyə bu təşəbbüslə Aralıq, Egey və Qara dənizlərdə təsir gücünü artırmağı hədəfləyir.
Texniki xüsusiyyətlərinə görə, gəmi katapult və ya STOBAR buraxılış sistemi ilə təchiz ediləcək və sabit qanadlı döyüş təyyarələri, helikopterlər, eləcə də yerli istehsal olan pilotsuz uçuş aparatlarını daşıya biləcək.
İspaniya mediası Madridin məhdud müdafiə büdcəsinə baxmayaraq, Ankaranın texnoloji potensialına güvənərək bu layihəyə qoşulduğunu bildirir. Ekspertlər bu addımı yalnız hərbi deyil, eyni zamanda Türkiyənin regional liderlik iddiasının göstəricisi hesab edirlər.
Qeyd edək ki, NATO sammitində Avropa ölkələri müdafiə büdcələrini artırmaq öhdəliyi götürsələr də, İspaniya fərqli olaraq Türkiyə ilə əməkdaşlığa üstünlük verib. Bu layihə NATO daxilində güc balansını dəyişdirəcək strateji bir başlanğıc kimi qiymətləndirilir.