Əsas səhifə » İsrail və ABŞ-ın hücumları beynəlxalq hüquqa ziddir - Ərakçi

İsrail və ABŞ-ın hücumları beynəlxalq hüquqa ziddir - Ərakçi

BAKI, AzerVoice

İranın xarici işlər naziri Abbas Ərakçi Braziliyada keçirilən BRİKS sammitində çıxışı zamanı İsrailin və ABŞ-ın İranın nüvə obyektlərinə yönəlmiş son hücumlarını sərt şəkildə tənqid edib.

AzerVoice xəbər verir ki, Ərakçi bu hücumların təkcə beynəlxalq hüququn pozulması deyil, həm də insan və ətraf mühit təhlükəsizliyinə qarşı məsuliyyətsiz və təhlükəli addım olduğunu bildirib.

Nazir əlavə edib ki, nüvə silahına malik dövlətlərin, beynəlxalq Atom Enerjisi Agentliyinin tam nəzarətində olan və nüvə silahına malik olmayan bir ölkəyə qarşı bu cür hücumlar, ekoloji fəlakətlərə yol aça bilər.

O, dünya ictimaiyyətini bu məsələni ciddiyə almağa çağırıb.

Ərakçi çıxışında həmçinin xatırladıb ki, İsrail 13 iyun tarixində İran hökumətini devirmək məqsədilə bir neçə yüksək rütbəli hərbiçini və nüvə alimini qətlə yetirməklə İrana qarşı hücuma başlayıb. Münaqişə zamanı İsrail və ABŞ İranın bir sıra mülki nüvə obyektlərinə aviazərbələr endirib.

Tehran bu hücumlara cavab olaraq İsrailə qarşı “Həqiqi vəd – III” adlı əməliyyatın təxminən 20 mərhələsini həyata keçirib. Gərginlik 24 iyun tarixində İsrailin birtərəfli şəkildə atəşkəsə razılıq verməsi ilə sona çatıb.

Ərakçi sonda vurğulayıb ki, bu hadisələr yalnız regional sabitliyi deyil, həm də qlobal ekoloji təhlükəsizliyi risk altına atır.

Digər Kateqoriyalar

2025 © Azervoice