BAKI,
AzerVoice
ABŞ diplomatı Barak Livanda silahsızlaşdırma təşəbbüslərini
müzakirə edir.
AzerVoice xəbər verir ki, ABŞ-ın
Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak
Livanda diplomatik təmaslarını davam etdirir.
O, Beyrutda Livan Qüvvələr Partiyasının lideri Semir Caca ilə
görüşərək ölkədə qeyri-qanuni silahların toplanması məsələsini
müzakirə edib.
ABŞ-ın Beyrutdakı səfiri Liza Consonun da iştirak etdiyi görüşdə Caca bildirib ki, istər fələstinli, istərsə də livanlı qrupların əlindəki qeyri-qanuni silahların toplanması Livan dövlətinin tələbidir və bu, ölkədə real dövlət institutlarının qurulmasına xidmət edəcək.
Caca vurğulayıb ki, “Livanın əsl dövlət olaraq formalaşması üçün qeyri-legitim hərbi və təhlükəsizlik strukturlarının tamamilə ləğv olunması zəruridir”.
Semir Caca iyunun 28-də verdiyi bəyanatda da qeyd etmişdi ki, silahlar təhvil verildikdən sonra Livan dövləti güclənəcək və İsrailin cənubdan çəkilməsi, hücumların dayandırılması üçün zəmin yaranacaq.
Tom Barak səfər çərçivəsində Livan Prezidenti Mişel Avn, parlament sədri Nebih Berri, baş nazir Nevvaf Selam və xarici işlər naziri Yusuf Recci ilə də ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlərin mərkəzində bölgədəki gərginlik, Hizbullahın silahlanması və regional təhlükəsizlik məsələləri olub.
Qeyd edək ki, ABŞ və Qərb ölkələri uzun müddətdir Livanda Hizbullahın silahlı qanadının ləğv olunması və bütün silahların dövlət nəzarətinə verilməsini dəstəkləyir. Bu məsələ Livan daxilində də siyasi qütbləşməyə səbəb olan əsas mövzulardan biridir.