Əsas səhifə » Türkiyə və Suriya arasında birbaşa yükdaşıma başlayır – Uraloğlu

Türkiyə və Suriya arasında birbaşa yükdaşıma başlayır – Uraloğlu

BAKI, AzerVoice

Türkiyə və Suriya arasında Beynəlxalq Avtomobil Daşımaları Sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Konqres Mərkəzində keçirilən “Qlobal Nəqliyyat Dəhlizləri Forumu” çərçivəsində məlumat verib.

Yeni razılaşmaya əsasən, yüklər birbaşa olaraq Türkiyədən Suriyaya və əks istiqamətdə daşına biləcək.

Türkiyə və Suriyalı nümayəndə heyətləri arasında aparılan danışıqlar nəticəsində 2004-cü ildə imzalanmış “Beynəlxalq Avtomobil Daşımaları Sazişi” çərçivəsində ticarət daşımalarının yenidən başladılması qərara alınıb. Uraloğlu qeyd edib ki, bu addım iki ölkə arasında nəqliyyat əlaqələrinin normallaşmasına və logistik əməkdaşlığın bərpasına xidmət edəcək.

Nazirin sözlərinə görə, tərəflər tranzit daşımaların da başlaması ilə bağlı razılığa gəliblər. Bu, Türkiyədən İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və digər Körfəz ölkələrinə birbaşa avtomobil yolu ilə çıxış imkanı yaradacaq. Suriya üzərindən keçən bu yeni marşrut daha qısa və sürətli daşımaya şərait yaradacaq.

“Bu razılaşma yalnız Türkiyə və Suriya arasında deyil, həm də Avropa ilə Asiya arasında regional ticarətin güclənməsinə töhfə verəcək. Orta Dəhliz Körfəz ölkələri ilə inteqrasiya olunacaq.”

Bundan əlavə, Türk və Suriyalı rəsmilər yük və sərnişin daşımalarının digər sahələrində də əməkdaşlıq etməyə, qarşılıqlı təlim proqramları keçirməyə dair razılığa gəliblər.

Digər Kateqoriyalar

2025 © Azervoice