BAKI, AzerVoice
İstanbul və Çikaqo hava limanları arasında qardaşlıq müqaviləsi imzalanıb.
AzerVoice xəbər verir ki, İstanbul Hava Limanı ilə ABŞ-ın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Çikaqo O'Hare Beynəlxalq Hava Limanı arasında qardaş hava limanı əməkdaşlığı haqqında müqavilə imzalanıb.
Hava limanının operatoru İGA-nın məlumatına görə, bu müqavilə idarəetmə, əməliyyatlar, müştəri xidmətləri, planlaşdırma və davamlılıq kimi sahələrdə ortaq layihələr həyata keçirmək məqsədi daşıyır.
İGA baş direktoru Selahattin Bilgen bildirib ki, bu əməkdaşlıq İstanbul Hava Limanının qlobal şəbəkəsini gücləndirəcək və Şimali Amerika bazarında iştirakını artıracaq:
“Hazırda ABŞ-da 20-dən çox türk firması fəaliyyət göstərir, Çikaqoda isə 12 mindən çox türk vətəndaşımız yaşayır. Bu əməkdaşlıq yalnız hava nəqliyyatı deyil, ticarət və mədəni əlaqələrin də inkişafına təkan verəcək”.
Çikaqo Hava Limanları İdarəsinin komissarı Michael J. McMurray isə bildirib ki, İstanbul Hava Limanını qardaş hava limanı olaraq qəbul etməkdən məmnundurlar və bu tərəfdaşlıq iki qlobal tranzit mərkəzi arasında əməkdaşlığı daha da gücləndirəcək.
Qeyd edək ki, İstanbul Hava Limanı daha öncə də müxtəlif ölkələrlə bənzər tərəfdaşlıqlar quraraq beynəlxalq mövqeyini genişləndirməyə çalışır.