BAKI, AzerVoice
Satılan hər 3 İHA-dan 2-si Türkiyə istehsalıdır.
AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən Türkiyə İxracatçılar Məclisinin (TİM) 32-ci Qurultayı və "İxracatın Şampiyonları" mükafatlandırma mərasimində çıxış edərək ölkənin müdafiə sənayesi və ixrac sahəsindəki nailiyyətlərini vurğulayıb.
Prezident bildirib ki, dünyada satılan hər üç pilotsuz uçuş aparatından (İHA) ikisi Türkiyə şirkətləri tərəfindən istehsal olunur:
“Silahlı və silahsız İHA texnologiyalarında dünyanın qabaqcıl ölkələri arasına daxil olduq. Zirehli texnika sahəsində isə artıq qlobal bir markaya çevrilmişik.”
Ərdoğan qeyd edib ki, Türkiyənin ixrac uğurları böyük əzm və fədakarlıqla əldə edilib:
“Heç bir uğur bizə altın tepsidə təqdim edilmədi. Çətinlikləri aşaraq, bu günlərə gəldik. Bunu ən yaxşı bilənlər ixracatçılarımızdır.”
İxracat hədəfləri böyüyür
Türk Eximbankın 2024-cü ildə 49 milyard dollar ixracat dəstəyi
verdiyini xatırladan Ərdoğan, bu rəqəmin 2025-ci ildə 52 milyard
dollara çatdırılacağını açıqlayıb. O həmçinin bildirib ki, Mərkəzi
Bank son iki ildə ixracatçıların üzərindən 173 milyard lirəlik
maliyyə yükü götürüb.
Sənayenin yüksəlişi rəqəmlərdə əksini tapır
2002-ci ildə 248 milyon dollar olan müdafiə və aviasiya ixracı
2024-cü ildə 6,7 milyard dollara, ümumi dövriyyə isə 15 milyard
dollara çatıb.
Avtomobil sektoru üzrə Türkiyə Avropada 4-cü, dünyada 12-ci yerə
yüksəlib – 37 milyard dollarlıq ixrac həcmi ilə.
“Kaan” və Türk serialları qlobal bazarlarda
Ərdoğan “Kaan” milli döyüş təyyarəsinin beynəlxalq marağa səbəb
olduğunu və Türk seriallarının 250-dən çox ölkədə 800 milyondan
artıq izləyiciyə çatdığını qeyd edərək bunun mədəni diplomatiya
üçün böyük imkanlar yaratdığını vurğulayıb.
Turizm və texniki xidmətlər də artımda
Türkiyə 2024-cü ildə 62,2 milyon turistlə dünyanın ən çox ziyarət
edilən 4-cü ölkəsi olub. Texniki xidmət sektorunda isə ölkə dünya
üzrə 8-ci yerdə qərarlaşıb.