BAKI, AzerVoice
Türkiyə Afrikanı dünya ticarət dəhlizlərinə birləşdirəcək.
AzerVoice xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Qlobal Nəqliyyat Dəhlizləri Forumu” çərçivəsində Afrikanın 7 ölkəsi ilə əməkdaşlıq memorandumu imzaladıqlarını açıqlayıb.
Nazir qeyd edib ki, Mavritaniya, Somali, Konqo Respublikası, Cibuti, Liberiya, Qvineya və Qana ilə nəqliyyat əlaqələrinin gücləndirilməsi sahəsində əməkdaşlıq razılaşması əldə olunub. Bu çərçivədə Afrika ölkələri Fars Körfəzi üzərindən İnkişaf Yolu və Türkiyə üzərindən Orta Dəhliz vasitəsilə qlobal nəqliyyat və ticarət şəbəkələrinə birləşdiriləcək.
“Bu razılaşmalarla Afrika, Türkiyə ilə liman əlaqələri quraraq, dünya ticarət dəhlizlərinə fasiləsiz çıxış əldə edəcək və Avropaya uzanan ticarət axınında birbaşa iştirak edəcək”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, forumda Efiopiya, Burkina Faso, Mərakeş, Fil Dişi Sahili və Misir kimi ölkələrin də nümayəndələri iştirak ediblər. Türkiyə bu təşəbbüslə qlobal nəqliyyat layihələrində aktiv rol almağı və Afrika ilə daha sıx logistik əlaqələr qurmağı hədəfləyir.