BAKI, AzerVoice
Süleyman Süleymani adlı daha bir alimin İsrailin İrana hücumları zamanı həyatını itirdiyi bildirilir.
AzerVoice xəbər verir ki, Tehrandakı İran Elm və Texnologiya Universitetindən verilən yazılı açıqlamada universitetdə çalışan bir alimin bir neçə gün əvvəl İsrailin hücumlarında həyatını itirdiyi açıqlanıb.
Açıqlamada, “Universitetimizin Kimya mühəndisliyi fakültəsinin məzunu, ölkəmizin nüvə alimi mühəndis Süleyman Süleymani İsrail rejiminin hücumları nəticəsində şəhid olub”. ifadələrdən istifadə edilib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.