Əsas səhifə » Türkiyə İngiltərənin təhlükəsizlik maraqları üçün həyati əhəmiyyət daşıyır - İngiltərə höküməti

Türkiyə İngiltərənin təhlükəsizlik maraqları üçün həyati əhəmiyyət daşıyır - İngiltərə höküməti

BAKI, AzerVoice

İngiltərə hökuməti “2025-ci il Milli Təhlükəsizlik Strategiyası: Təhlükəli Dünyada Britaniya Xalqı üçün Təhlükəsizlik” adlı yeni milli təhlükəsizlik, müdafiə və xarici siyasət sənədini yayımlayıb.

AzerVoice-un məlumatına görə, Sənəddə Türkiyənin güclü hərbi inteqrasiya və müdafiə sənayesi əməkdaşlığı sayəsində İngiltərə üçün açar tərəfdaş olduğu bildirilib.

Sənəddə qeyd edilib ki, Qara dəniz, Qafqaz, Yaxın Şərq və Afrikanın kəsişməsində yerləşən Türkiyə, İngiltərənin Avropadakı və NATO-nun şərq cinahındakı təhlükəsizlik maraqları üçün həyati əhəmiyyət daşıyır və həm NATO daxilində, həm də ikitərəfli əməkdaşlıq səviyyəsində açar tərəfdaşdır.

Sənəddə Rusiya və İranın yaratdığı təhlükələr ön plana çıxarılıb. Bildirilib ki, "bəzi düşmən ölkələr İngiltərənin enerji və təchizat zəncirlərini hədəfə almaq üçün potensial hücumlara zəmin hazırlayır."

Sənəddə “İngiltərə torpaqlarının birbaşa təhdid altına düşməsi ehtimalı”na xüsusi diqqət yetirilib və bu ssenariyə qarşı ölkə miqyasında geniş hazırlıqların aparılması çağırışı yer alıb. Bu çərçivədə yeni tədbirlərin “Ev Müdafiəsi” (Home Defence) adı altında həyata keçiriləcəyi bildirilib.

Yeni təhlükəsizlik strategiyasına əsasən, illik təlimlər keçiriləcək və enerji stansiyaları ilə su təminatı kimi kritik infrastrukturun qorunması tədbirləri gücləndiriləcək.

Sənəddə Rusiya-Ukrayna müharibəsi, bu müharibə ilə yanaşı həyata keçirilən kiber hücumlar, sabotaj cəhdləri və artan nüvə ritorikası təcili təhlükə kimi təqdim olunub.

İranın İngiltərə ərazisində həyata keçirdiyi düşmənçilik fəaliyyətlərinin artdığı vurğulanan sənəddə, bu fəaliyyətlərin həm müxalifləri susdurmağa, həm də birbaşa İngiltərəni təhdid etməyə yönəldiyi qeyd olunub.

İngiltərənin baş naziri Kir Starmer sənədin dərcindən sonra "Sky News" kanalına açıqlamasında deyib: “İngiltərə artıq daxildə hər gün yeni təhlükələrlə üz-üzədir. Ölkə tez-tez kiber hücumlara məruz qalır."

O, xüsusilə enerji təhlükəsizliyi və İrandan qaynaqlanan təhdidlərə qarşı ehtiyatlı olunmalı olduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice