BAKI, AzerVoice
Türkiyə İsrail və İran arasında əldə olunan atəşkəsi alqışlayıb.
AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İsrail və İran arasında razılaşdırılmış atəşkəsə dair yazılı bəyanatla çıxış edib.
Nazirlik bu xəbəri alqışladığını bildirib və bölgədə sülhün qorunmasının vacibliyinə diqqət çəkib.
Bəyanatda tərəflərin atəşkəsə əməl etməsinin zəruriliyi vurğulanaraq “Qarşıdan gələn kritik dövrdə tərəfləri əldə olunmuş atəşkəsə tam şəkildə riayət etməyə dəvət edirik” – deyə bildirilib.
Nazirlik bölgənin sabitliyə və sülhə hər zamankindən daha çox ehtiyacı olduğunu qeyd edib. Bildirilib ki, Yaxın Şərqdə davamlı və hərtərəfli həll üçün qətiyyətli addımlar atılmalı, dialoq və diplomatiya kanalları açıq saxlanmalıdır.
“Hazırkı gərginlik bir daha göstərdi ki, bölgədəki bir çox problemin kökündə Fələstin məsələsi dayanır. Bu problem ən qısa müddətdə ədalətli şəkildə həll edilməlidir.” - deyə bəyanatda həmçinin qeyd olunub.
Türkiyə tərəfi regionda sülh və sabitliyin təmin olunması istiqamətində atılan bütün təşəbbüsləri dəstəklədiyini və bu istiqamətdə konstruktiv töhfələr verməyə hazır olduğunu bəyan edib.