BAKI, AzerVoice
Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, TÜBİTAK SAGE tərəfindən hazırlanan SOM adlı uzun mənzilli seyrədici raketin yerli turbojet mühərriki ilə keçirilən sınaq atışında hədəfi tam dəqiqliklə vurduğunu açıqlayıb.
AzerVoice xəbər verir ki, Nazir Kacır sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, oxşar raketlərlə müqayisədə üstün texniki xüsusiyyətlərə malik SOM layihəsi ilə bu sahədə xarici asılılıq minimuma endirilib.
“Milli qürurumuz SOM, yerli turbojet mühərriki ilə edilən test atışında hədəfi tam isabətlə vurdu. SOM-un yerli mühərriki və alt komponentləri təkcə Milli Texnologiya Hərəkatının bir addımı deyil, minlərlə mühəndis və texnikin gecə-gündüz tökdüyü tərin, alimlərimizin bitməyən tutkusunun və gənclərimizin sərhəd tanımayan xəyallarının nəticəsidir. 'Tam müstəqil Türkiyə' yolunda əməyi keçən hər kəsi təbrik edirəm. Qürur duyuruq, daha böyük zəfərlərə hazırıq,” – deyə Kacır vurğulayıb.
“Bu, yalnız texnoloji deyil, milli iradənin də göstəricisidir”
Prezidentliyə tabe Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də öz sosial media hesabında bu uğuru dəyərləndirib:
“Yerli turbojet mühərriki ilə sınaq atışında hədəfi tam dəqiqliklə vuran SOM yalnız texnoloji nailiyyət deyil, eyni zamanda müstəqil Türkiyə idealına atılmış cəsarətli addımdır.”
Görgün, layihədə əməyi keçən bütün tərəfdaşlara – TÜBİTAK, TÜBİTAK SAGE, Kale Jet Engines, ROKETSAN və iştirak edən mühəndis, texniki heyət və idarəçilərə təşəkkür edib.
O, bu uğurun illərlə davam edən əməkdaşlıq, elmi bilik və təşkilati uyğunluğun nəticəsi olduğunu bildirib:
“Bu nailiyyət, 'tam müstəqil müdafiə sənayesi' vizyonuna inananların uzun illər ərzində göstərdiyi səylərin bəhrəsidir. Güclü müdafiə sənayemizlə qəhrəman ordumuzun yanındayıq. Onların sahədəki gücünü, laboratoriyalarda və test sahələrində daha da gücləndirməkdə qərarlıyıq. Müstəqil texnologiyalarla daha güclü Türkiyə üçün çalışmaqdan əsla imtina etməyəcəyik.”