BAKI, AzerVoice
BRİKS ölkələri iyul ayında Rio-de-Janeyroda keçiriləcək sammitdə süni intellektin (Sİ) idarə olunması ilə bağlı dünyanın ilk birgə bəyanatını qəbul edəcəklər.
AzerVoice xəbər verir ki, bu barədə Braziliya prezidenti Luis İnasio Lula da Silva bildirib.
“BRİKS sammitində süni intellektin idarə olunmasına dair bəyanat qəbul ediləcək, o, bütün ölkələrə xidmət etməlidir” — deyə, o qeyd edib. Braziliya lideri əlavə edib ki, Sİ-ni tənzimləyən vahid qaydaların olmaması "yalnız böyük korporasiyalara sərf edir".
“Süni intellekt istehsal və təhsil sahələrində inqilabi dəyişikliklər yaradır. Açılan imkanlar sonsuzdur, lakin risklər də az deyil” — deyə, Lula da Silva vurğulayıb.
Əvvəllər Braziliya Federal Senatının üzvü Umberto Koşta Sİ idarəçiliyi ilə bağlı ümumi qaydaların hazırlanmasını dəstəkləyib. O, həmçinin BRİKS üzvlərinin Qərb ölkələrindən olan texnoloji asılılığın azaldılması ehtiyacını qeyd edib.