Əsas səhifə » Türk Hava Yolları 92-ci ildönümünü qeyd edir

Türk Hava Yolları 92-ci ildönümünü qeyd edir

BAKI, AzerVoice

​Türk Hava Yolları bu gün 92-ci ildönümünü qeyd edir.

AzerVoice xəbər verir ki, Türk Hava Yolları (THY) 1933-cü il mayın 20-də "Dövlət Hava Yolları İdarəsi" kimi təsis edildiyi gündən etibarən sürətlə inkişaf edərək bu gün 479 təyyarəlik donanması ilə 131 ölkəyə və 352 istiqamətə uçuşlar həyata keçirir.

Yalnız 24 nəfərlik heyətlə fəaliyyətə başlayan şirkətin donanmasında ilk illərdə beş yerlik King Birds, dörd yerlik Junkers F-13 və on yerlik ATH-9 kimi təyyarələr yer alıb. 1938-ci ildə qurum Nəqliyyat Nazirliyinə birləşdirilərək “Dövlət Hava Yolları Baş İdarəsi” adını alıb. 1953-cü ildə isə rəsmi olaraq “Türk Hava Yolları” adlandırılıb.

THY ilk beynəlxalq uçuşunu 1947-ci ildə Ankara–İstanbul–Afina marşrutu üzrə həyata keçirib. Növbəti illərdə Avropa və Yaxın Şərqə istiqamətlənən uçuşlarla beynəlxalq şəbəkəsini genişləndirib. 1985-ci ildən etibarən Airbus A310-ların alınması ilə şirkət Uzaq Şərq və Atlantik okeanı üzərindən reyslərə başlayıb.

2012-ci ildən THY dünyanın ən çox ölkəsinə uçan hava yolu şirkəti olaraq Ginnesin Rekordlar Kitabına daxil olub. Bu rekord 2023-cü ilin dekabrında Çiliyə ilk uçuşla rəsmiləşdirilib.

2025-ci ilin mart ayına olan məlumatlara görə, aviaşirkətdə 7652 pilot və pilot namizədi, 16 minə yaxın kabin heyəti çalışır. THY 2033-cü il strateji planı çərçivəsində təyyarələrinin sayını 813-ə çatdırmağı və ildə 171 milyon sərnişin daşımağı hədəfləyir.

THY 2025-ci ildə uçuş istiqamətlərini daha da genişləndirməyi planlaşdırır. Yeni marşrutlara Səudiyyə Ərəbistanının Abha, Misirin Asvan, Rusiyanın Mahaçqala, İspaniyanın La Koruna, Azərbaycanın Lənkəran, Fransanın Nantes, Sudanın Port Sudan, Qazaxıstanın Atyrau, Pakistanın Harrau, Somalkot və Kambocanın paytaxtı Pnom Pen şəhərləri daxil ola bilər. Uçuşlar təyyarə mövcudluğu və bazar tələblərindən asılı olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, THY 1983-cü ildə 50 illik yubileyini 30 təyyarə və 2,5 milyon sərnişinlə qeyd etmişdi. Bu göstərici 40 il ərzində kəskin şəkildə artaraq şirkətin qlobal hava nəqliyyatında aparıcı mövqeyini təsdiqləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice