Əsas səhifə » İsrail Suriyanın təhlükəsizlik qüvvələrinin kolonlarına zərbələr endirib

İsrail Suriyanın təhlükəsizlik qüvvələrinin kolonlarına zərbələr endirib

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr, Suriya paytaxtı Dəməşqdən 90 km məsafədə yerləşən Əs-Süveyda şəhərinə doğru hərəkət edən Suriya təhlükəsizlik qüvvələrinin kolonlarını hədəfə alaraq hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, qırıcılar Əl-Məzraa yaşayış məntəqəsinə gedən yolun yaxınlığında yerüstü hədəfləri üç dəfə bombalayıb. Ərazidə Suriya Daxili İşlər və Müdafiə nazirliklərinin keçid dövrü hökumətinə bağlı mexanikləşdirilmiş xüsusi bölmələri cəmləşmişdi. Bu qüvvələr ölkənin cənub bölgələrinə göndərilərək, ərəblərdən ibarət qəbilə silahlıları ilə dağlı dürzi icmasının özünümüdafiə qüvvələri arasında baş verən qarşıdurmaların qarşısını almağa çalışırdı.

Son məlumatlara əsasən, bu silahlı toqquşmalar nəticəsində ən azı 46 dürzi, 28 bədəvi və 4 mülki şəxs həlak olub. Dəməşqdən münaqişəni dayandırmaq üçün cənuba göndərilən hökumət qüvvələri isə 11 əsgər itirib.

Xatırladaq ki, ötən ilin sonunda Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra İsrail rəsmiləri dəfələrlə Suriyadakı dürzi icmasına dəstək verəcəklərini və lazım gəldikdə onların özünümüdafiəsini təmin etmək üçün yardım göstərəcəklərini bəyan ediblər.

Məlumat üçün bildirək ki, Dürzilər – ərəb dilində danışan, etno-konfessional icmadır. Onların əsas yaşayış məskənləri Suriya, Livan, İsrail və İordaniyada yerləşir. Suriyada təxminən 700 min dürzi yaşayır və onlar kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıq hesab olunurlar. Mayın 1-də dürzilərin yaşadığı Cəramanə və Sahnaya ətrafında atəşkəs razılaşması əldə olunmuşdu. Həmin toqquşmalarda 20 təhlükəsizlik qüvvəsi əməkdaşı həlak olmuşdu.

Digər Kateqoriyalar

2025 © Azervoice