BAKI, AzerVoice
NATO-nun yeni baş katibi Mark Rutte Prezident Rəcəb Tayyib Ərdoğanla İstanbulda keçirdiyi görüşdən sonra Türkiyənin NATO daxilindəki rolunu yüksək qiymətləndirib.
AzerVoice xəbər verir ki, Rutte Türkiyə Prezidenti Ərdoğanı "NATO daxilində inanılmaz lider" adlandıraraq, onun həmkarları tərəfindən "həqiqətən hörmət edilən şəxsiyyət" olduğunu bildirib.
İstanbulda keçirilən görüş zamanı Rutte bildirib ki, Ukrayna məsələsində müsbət irəliləyiş üçün bir fürsət pəncərəsi yaranıb və bu prosesdə Türkiyənin rolu əhəmiyyətlidir.
Rutte həmçinin Türkiyənin müdafiə sənayesini bütün alyans üçün önəmli adlandırıb. Onun sözlərinə görə, Texasda sursat istehsal edən bəzi fabriklər, Türkiyə şirkətləri ilə sıx əməkdaşlıq etmədən bu fəaliyyətlərini həyata keçirə bilməzdi.
Eurofighter döyüş təyyarələrinin Türkiyəyə satışı məsələsinə toxunan NATO baş katibi, “Müttəfiqləri bir-birlərinə silah satışında heç bir məhdudiyyət qoymamağa çağırıram.” - deyə bildirib.
Antalyada keçirilən NATO Xarici Əlaqələr üzrə Qeyri-rəsmi Toplantıda da çıxış edən Rutte, PKK-nın silah buraxması ilə bağlı xəbərləri yüksək qiymətləndirib və bunun "çox, çox əhəmiyyətli inkişaf" olduğunu vurğulayıb.
“Türkiyə, terror hücumlarından ən çox zərər çəkən NATO müttəfiqlərindən biridir,” – deyə o əlavə edib.