Əsas səhifə » Almaniyada daha çox deportasiya əməliyyatları keçiriləcək - Mers

Almaniyada daha çox deportasiya əməliyyatları keçiriləcək - Mers

BAKI, AzerVoice

Almaniya kansleri Fridrix Mers daha çox deportasiya əməliyyatlarının həyata keçiriləcəyini elan edib.

AzerVoice xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, Mers bu açıqlamanı ölkə parlamentində ilk hökumət bəyanatını verərkən edib. Qeyd edək ki, bu çıxış onun yeni kansler seçilməsindən bir həftə sonra baş tutub.

Xristian Demokrat İttifaqının lideri olan Mers, sələfləri – Sosial Demokrat Partiyasından Olaf Şolts və öz partiyasından Angela Merkelin dövrlərində aparılan miqrasiya siyasətini açıq şəkildə tənqid edib.

Eyni zamanda o vurğulayıb ki, Almaniya hər zaman bir miqrasiya ölkəsi olub və olacaq. Ancaq son on ilin təcrübəsi göstərdi ki, ölkə həddindən artıq nəzarətsiz miqrasiyaya yol verib, əmək bazarını və xüsusilə də sosial sistemini aşağı ixtisaslı şəxslərin miqrasiyasına həddindən artıq açıb.

Mers vəd edib ki, sərhədlərdə nəzarətin gücləndirilməsi və sərhədlərdə daha çox geri qaytarma əməliyyatları vasitəsilə miqrasiya siyasətinə daha çox nizam gətiriləcək.

Kansler əlavə edib ki, hökumət yalnız inteqrasiyaya şərait yaratmayacaq, həm də bunu tələb edəcək. O bildirib ki, Almaniyada daimi yaşayan şəxslərin əmək bazarına sürətli şəkildə inteqrasiya olunmasına yönəlmiş tədbirlər görüləcək.

Mers həmçinin, Almaniyada "müvəqqəti yaşamaq icazəsi" (yəni hüquqi və ya humanitar səbəblərlə deportasiyası təxirə salınan şəxslər) olan miqrantlara daimi yaşamaq hüququ veriləcəyini bildirib. Lakin bu şəxslərin yaxşı inteqrasiya olunmuş olmaları, özlərini maliyyə baxımından təmin etmələri və alman dilində danışmaları şərtdir.

Xatırladaq ki, Almaniyanın yeni daxili işlər naziri Aleksandr Dobrindt bu ayın 6-da vəzifəsinin ilk günündə miqrasiya siyasətində daha sərt qaydaların tətbiq ediləcəyini açıqlamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice