Əsas səhifə » Fidan ABŞ və Suriya XİN rəhbərləri ilə görüşəcək

Fidan ABŞ və Suriya XİN rəhbərləri ilə görüşəcək

BAKI, AzerVoice

Türkiyənin Xarici işlər naziri Hakan Fidan sabah ABŞ dövlət katibi Marko Rubio və Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşəcəyini bildirib.

AzerVoice xəbər verir ki, Fidan görüşlərin NATO-nun iyun ayında Haaqada keçiriləcək Zirvəsinə hazırlıq baxımından əhəmiyyətli olduğunu bildirib.

Fidan, NATO gündəmindəki əsas məsələlərdən biri olan müdafiə xərcləri və bu sahədəki sanksiyaların aradan qaldırılması kimi məsələlərin müzakirə ediləcəyini vurğulayıb.

Nazir bildirib ki, Qəzzada baş verən hadisələr, o cümlədən müharibə və soyqırım iddiaları NATO çərçivəsində müzakirə ediləcək. Rusiya-Ukrayna müharibəsinin sonlandırılması istiqamətində danışıqların İstanbulda davam etdiyini qeyd edən nazir, bu sahədə sıx diplomatik fəaliyyətin həyata keçirildiyini bildirib.

İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları barədə danışan Fidan, tərəflər arasında razılaşma əldə olunmasının əsas məqsəd olduğunu, lakin etimadın qurulmasının bu prosesdə mühüm yer tutduğunu vurğulayıb. O əlavə edib ki, Türkiyə bu prosesdə aparıcı rol kimi iştirak edir.

Fidan ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvinə dair açıqlamasına da toxunaraq bildirib ki, Türkiyə regionda müsbət rol oynayır və bu baxış digər tərəflərlə birgə həyata keçirilir. Nazir bildirib ki, Suriyanın iqtisadi canlanması və əhalinin geri dönüşü üçün sanksiyaların rəsmi şəkildə aradan qaldırılması vacibdir.

Qeyd edək ki, Fidan NATO-nun baş katibi Mark Rutte ilə də ikitərəfli görüşlər keçirdiyini və görüş zamanı NATO-Türkiyə münasibətlərinin strateji əhəmiyyətinin bir daha ön plana çıxdığını bildirib. O, Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı və Suriya arasında keçirilən dördtərəfli görüşü isə “tarixi” adlandırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice