BAKI, AzerVoice
Türkiyə ilə Misir arasında enerji sahəsində mühüm əməkdaşlıq addımı atılıb – BOTAŞ ilk dəfə xaricdə xidmət göstərəcək.
AzerVoice xəbər verir ki, Enerji və
Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Türkiyənin dövlət
enerji şirkəti BOTAŞ ilə Misirin dövlət enerji şirkəti EGAS
arasında yeni razılaşmanın imzalandığını açıqlayıb.
Razılaşmaya əsasən, BOTAŞ-ın inventarında olan Üzən LNG Saxlama və
Qazlaşdırma Birliyi (FSRU) ilk dəfə olaraq yay aylarında Misirdə
dövri xidmət göstərəcək.
Nazir Bayraktar qeyd edib ki, bu əməkdaşlıq modeli həm Misirin təbii qaz təchizatının təhlükəsizliyinə, həm də Türkiyənin qazdan istifadə strategiyasına töhfə verəcək. Anlaşma çərçivəsində çevik və səmərəli istifadə modeli tətbiq ediləcək.
Ankarada keçirilən görüş zamanı nazir Bayraktar Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədəvi ilə bir araya gəlib. Görüşdən sonra iki ölkə arasında “Karbohidrogenlər və Mədən Sahələri üzrə Anlaşma Memorandumu” və “FSRU Time Charter Agreement” adlı iki mühüm sənəd imzalanıb.
Memorandum karbohidrogenlərin axtarışı, hasilatı və dəniz-quru yataqlarının işlənməsi ilə yanaşı, mədən sektoruna qarşılıqlı investisiyaların təşviqini və texniki əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, bu razılaşma BOTAŞ-ın FSRU vahidinin ilk dəfə ölkə xaricində xidmət göstərəcəyi beynəlxalq əməkdaşlıq modeli olmaqla yanaşı, Türkiyə ilə Misir arasında enerji əlaqələrinin yeni mərhələyə keçidini simvolizə edir. Nazir Bayraktar bu addımların ölkələr arasında strateji əməkdaşlığa mühüm töhfə verəcəyinə inandığını bildirib.