BAKI,
AzerVoice
Türkiyə hərbi gəmisi TCG BÜYÜKADA 4-7 may tarixlərində Pakistana
səfər edəcək.
AzerVoice xəbər verir ki, Türkiyə
Milli Müdafiə Nazirliyi TCG BÜYÜKADA hərbi gəmisinin 4-7 may
tarixlərində Pakistanın Karaçi limanına səfər edəcəyini
açıqlayıb.
Bu barədə nazirliyin sözçüsü, kontr-admiral Zeki Aktürk həftəlik
mətbuat brifinqində məlumat verib.
Aktürk bildirib ki, Türkiyə Silahlı Qüvvələri təlim və manevr fəaliyyətlərini fasiləsiz davam etdirir və bu səfər də həmin fəaliyyətlərin bir hissəsidir. Onun sözlərinə görə, “Türk Silahlı Qüvvələrimiz səmərəliliyini və çəkindirici gücünü artırmaq, şəxsi heyətin peşəkarlığını yüksəltmək məqsədilə təlimləri davamlı şəkildə həyata keçirir.”
TCG BÜYÜKADA gəmisi hal-hazırda 17-ci Langkawi Beynəlxalq Dənizçilik, Aviasiya və Kosmos Sərgisi çərçivəsində Malayziyada olub və daha əvvəl 29 aprel – 1 may tarixlərində Oman limanına səfər edib.
Qeyd edək ki, TCG BÜYÜKADA Türkiyənin Asiya-Sakit Okean regionuna ilk korvet ixracı olan Malayziya MİLGEM Korvet Layihəsinin bir hissəsidir. STM-in baş podratçılığı ilə həyata keçirilən “Littoral Mission Ship Batch-II (LMS Batch II)” layihəsi çərçivəsində 2024-cü ildə razılaşmalar imzalanıb və artıq Türkiyədə üç korvetin tikintisinə başlanılıb. Bu gəmilərdə Türkiyə müdafiə sənayesinin istehsalı olan bir çox milli sistemlər istifadə olunacaq.
Pakistanla əməkdaşlıq çərçivəsində isə 2022-ci ilin mayında ASFAT və Pakistan Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb. MİLGEM proqramı əsasında Pakistan Hərbi Dəniz Qüvvələri üçün ümumilikdə 4 ədəd korvet tikilir. Onlardan ikisi İstanbulda, ikisi isə Karaçidə inşa olunur. İlk gəmi – PNS BABUR artıq tamamlanıb. Bu proqram Türkiyənin bu miqyasda ilk dəniz platforması ixracı layihəsi hesab olunur.