BAKI, AzerVoice
İsrailin Suriyanın paytaxtı Dəməşqin cənub-qərbinə Dürzi icmasının yaşadığı Sahnayaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı artıb.
AzerVoice xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat verib.
Məlumata görə, günün ikinci yarısında hava zərbələri nəticəsində həlak olan təhlükəsizlik qüvvələrinin sayı 16-ya yüksəlib.
Qeyd edək ki, bugün İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Dəməşqin cənub-qərbində Suriyanın təhlükəsizlik qüvvələrini hədəf alıb. PUA-lar təhlükəsizlik qüvvələrinin toplaşdığı ərazilərə azı beş hava zərbəsi endirib.
Digər tərəfdən, İsrail Ordusu Baş nazir Benyamin Netanyahunun və müdafiə naziri İsrael Katsın göstərişi ilə, Dəməşqin ətrafında Dürzilərə qarşı hücum hazırlayan silahlı radikallara qarşı qabaqlayıcı zərbə endirildiyini bəyan edib. Baş nazirin ofisindən verilən açıqlamada qeyd olunub ki, Dəməşqə xəbərdarlıq edilib: "yerli Dürzi icmasına qarşı zorakılığa dərhal son qoyulmalıdır."
Məlumat üçün bildirək ki, Dürzilər – ərəb dilli, etno-konfessional azlıq olaraq Livan, Suriya, İsrail və İordaniyada yaşayırlar. Suriyada onların sayı təxminən 700 min nəfərdir və bu, kürdlər və ələvilərdən sonra üçüncü ən böyük dini-etnik azlıq qrupudur.