BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı təhlükələrdən, İsrailin təxribatlarından və Trampla gözlənilən görüşdən danışıb.
AzerVoice xəbər verir ki, Prezident Ərdoğan İtaliya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıraraq, Suriyada Türkiyə üçün ən böyük riskin terror təşkilatları olduğunu bildirib və İsrailin bu ölkəyə hücumlarının bölgədəki müsbət ab-havanı pozmaq məqsədi daşıdığını qeyd edib.
Ərdoğan Suriyanın şimalında Suriya Demokratik Qüvvələrinin (SDQ) federativ struktur istəklərini "boş xəyallar" adlandıraraq, bölgənin sabitliyini təhdid edən heç bir təşəbbüsə icazə verilməyəcəyini bəyan edib. O, Suriya rəhbərliyinin də bu məsələdə eyni mövqedə olduğunu vurğulayıb.
Prezident İsrailin Suriya ərazisinə hücumlarını "təxribat" kimi qiymətləndirib və Türkiyənin bu vəziyyətə laqeyd qalmayacağını bildirib. O, Suriyanın bərpası və sabitliyi üçün Türkiyənin lazımi dəstəyi göstərəcəyini qeyd edib.
Qəzzada humanitar vəziyyətlə bağlı da danışan Ərdoğan atəşkəsin əldə olunması üçün diplomatik səylərin davam etdiyini, lakin İsrailin ABŞ təzyiqi olmadan bu istiqamətdə irəliləyişə meyilli olmadığını bildirib. Humanitar yardım dəhlizinin açılmasının vacibliyini vurğulayan prezident, aclıq və dərman çatışmazlığına diqqət çəkib.
Rusiya-Ukrayna arasında elan edilən müvəqqəti atəşkəsi müsbət addım kimi qiymətləndirən Ərdoğan ,bu vəziyyətin daimi sülhə çevrilməsini arzuladığını deyib. Türkiyənin bu istiqamətdə vasitəçilik səylərini davam etdirəcəyini də vurğulayıb.
Trampla ilk üzbəüz görüşün yaxın vaxtlarda baş tutacağını açıqlayan Ərdoğan, telefon danışığının səmimi keçdiyini bildirib və yeni dövrdə Türkiyə-ABŞ münasibətlərinin daha fərqli bir mərhələyə keçəcəyinə inandığını deyib.
Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı da danışan prezident, adada iki dövlətli həllin vacibliyini vurğulayıb və KKTC-nin tanınması istiqamətində səylərin artırılacağını bildirib.
Qeyd edək ki, Prezident Ərdoğan bu həftəsonu Şimali Kiprdə keçiriləcək TEKNOFEST tədbirində iştirak edəcək və yeni tikilən dövlət binalarının açılışında olacaq.