Əsas səhifə » Bayraktar TB3 avtomatik eniş və qalxış testini tamamlayıb

Bayraktar TB3 avtomatik eniş və qalxış testini tamamlayıb

BAKI, AzerVoice

Türkiyənin Baykar Texnologiya şirkəti tərəfindən istehsal edilən Bayraktar TB3 pilotsuz uçuş aparatı (PUA), TCG Anadolu hərbi gəmisinə tam avtomatik şəkildə uğurla eniş və qalxış edərək dünya aviasiya tarixində bir ilkə imza atıb.

AzerVoice-un məlumatına görə, qısa uçuş zolağına malik gəmidən avtonom şəkildə havaya qalxan və enən ilk PUA olan Bayraktar TB3, sınaqlar zamanı süni intellektə əsaslanan yerli alqoritmlərlə idarə olunub və testləri uğurla tamamlayıb.

2024-cü ilin 25 iyun tarixində keçirilən test uçuşunda TB3 36 min 310 fut yüksəkliyə qalxaraq “Yüksək İrtifa Performans Testi”ni də uğurla keçib. Bu uçuş, TUSAŞ tərəfindən istehsal olunan yerli PD-170 mühərriki ilə reallaşdırılıb.

Bundan əvvəl, 26 mart 2024-cü ildə Bayraktar TB3 ilk dəfə ASELSAN tərəfindən milli imkanlarla hazırlanmış elektro-optik sistem ASELFLIR-500 ilə sınaqdan keçirilib. Uçuş zamanı yeni nəzarət və müşahidə texnologiyalarının inteqrasiyası da uğurla başa çatdırılıb.

Görüş xətti xaricində rabitə imkanlarına da malik olacaq TB3, uzaq məsafəli əməliyyatlarda yüksək effektivlik göstərəcək. Daşıdığı ağıllı silahlarla birgə TB3-ün dəniz üzərindən həyata keçiriləcək kəşfiyyat və hücum əməliyyatlarında Türkiyənin hərbi gücünə strateji üstünlük verəcəyi bildirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice