BAKI, AzerVoice
İndoneziya Prezidenti Prabowo Subianto rəsmi səfərlə sabah Türkiyəyə gedir.
AzerVoice xəbər verir ki, İndoneziya
Prezidenti Prabowo Subianto, Prezident Rəcəb Tayyib Ərdoğanın
dəvəti ilə 10 aprel tarixində Türkiyəyə rəsmi səfər edəcək.
Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi
məqsədilə müdafiə sənayesi, təhsil, təhlükəsizlik və din sahələrini
əhatə edən beş yeni müqavilənin imzalanması gözlənilir.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar direktoru Fahrettin Altun bildirib ki, Subianto həmçinin 11-13 aprel tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumunda iştirak edəcək. Altun bu səfərin iki ölkə arasında tarixi və mədəni tellərə əsaslanan əlaqələri daha da gücləndirəcəyini vurğulayıb.
Türkiyənin Cakartadakı səfiri Talip Küçükcan səfər öncəsi açıqlamasında, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bu əməkdaşlığın hər iki tərəf üçün “qazan-qazan” əsasına söykəndiyini bildirib.
Qeyd edək ki, Türkiyə və İndoneziya G20, İƏT, D8 və BMT kimi platformalarda da sıx əməkdaşlıq edir. İkitərəfli münasibətlərin inkişafı məqsədilə yaradılmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində ilk görüş 2022-ci ildə Balidə keçirilmiş G20 Zirvəsində planlaşdırılmışdı.