Əsas səhifə » Bugün 11 PKK düşərgəsinin boşaldılması gözlənilir

Bugün 11 PKK düşərgəsinin boşaldılması gözlənilir

BAKI, AzerVoice

PKK-nın silah buraxması ilə "Terrorsuz Türkiyə" prosesində yeni mərhələ başlayıb və diqqətlər artıq təşkilatın nəzarətində olan əsas düşərgələrə yönəlib.

AzerVoice xəbər verir ki, prosesin davamında 11 əsas PKK düşərgəsinin boşaldılması gözlənilir.

İlk mərhələnin Süleymaniyənin Surdaş bölgəsindəki Casene mağarasında başladığı qeyd olunur. Bu səbəbdən diqqətlər İraqın şimalındakı PKK düşərgələrinə yönəlib.

PKK-nın Türkiyəyə qarşı hücumlarını planladığı əsas qərargahlar arasında Hakkari vilayətinin Çukurca rayonunda yerləşən Zap düşərgəsi ön plana çıxır. Bu düşərgə uzun illərdir PKK-nın əsas strateji nöqtələrindən biri hesab edilir.

Zapdan başqa Sinat, Haftanin, Qara, Hakurk, Metina, Avaşin-Basyan və Etruş kimi bölgələrdə də PKK-nın mövcudluğu bilinir. Bu düşərgələrdə təlim sahələri, gizli sursat anbarları, kiçik su elektrik qurğuları və hətta sahə xəstəxanaları yerləşir. Bu infrastrukturların taleyi barədə suallar yaranıb və həmin düşərgələrin də silahsızlanma mərhələsindən sonra boşaldılması gözlənilir.

PKK-nın əsas qərargahlarının isə Kandil, Sincar və Mahmur olduğu bildirilir. İran-İraq sərhədində yerləşən Kandil düşərgəsi təşkilat rəhbərliyinin mərkəzi sayılır. Sincar düşərgəsi Suriyaya çıxış baxımından əhəmiyyətlidir. Mahmur düşərgəsi isə Mosul yaxınlığında yerləşir və burada 15 minə yaxın insanın yaşadığı, nəzarətin isə PKK tərəfindən həyata keçirildiyi bildirilir.

“Terrorsuz Türkiyə” prosesi çərçivəsində adıçəkilən bu əsas düşərgələrin də yaxın aylarda tamamilə boşaldılması və nəzarətin yerli idarələrə verilməsi planlaşdırılır.

Digər Kateqoriyalar

2025 © Azervoice