BAKI, AzerVoice
Manisanın Salihli rayonunda yerləşən Sardes Antik Şəhəri və Bin Tepeler Lidya abidələri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
AzerVoice xəbər verir ki, müvafiq qərar UNESCO-nun 47-ci Dünya İrs Komitəsi İclasında yekdilliklə qəbul olunub.
2013-cü ildən bəri müvəqqəti siyahıda yer alan bu arxeoloji sahə, artıq daimi siyahıya salınıb və bununla da Türkiyənin siyahıdakı irs ərazisi sayı 22-yə çatıb.
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bu uğuru belə şərh edib:
"Sardes Antik Şəhəri və Bin Tepeler Lidya abidələri, UNESCO ailəsinə daxil olaraq 22-ci mədəni xəzinəmiz oldu. Lidya sivilizasiyasının paytaxtı, dünyanın ilk metal pulunun meydana gəldiyi bu coğrafiya artıq bütün bəşəriyyətin ortaq irsi kimi qeyd altına alındı.
Antik dövrdə 15–20 metr hündürlükdə olduğu düşünülən və 20 metr qalınlığında olan qala divarları, 7 500 hektarlıq nəhəng nekropol sahəsi ilə bu ərazi Lidya mədəniyyətinin unikal təmsilçisi olaraq artıq dünya səhnəsindədir. Bu uğurda əməyi keçən Sardes Qazıntı Rəhbərliyi başda olmaqla bütün elm insanlarına və Mədəni İrs və Muzeylər Baş İdarəsinin Təyin və Planlaşdırma Şöbəsində çalışan hər kəsə təşəkkür edirəm."
Nazir qeyd edib ki, Türkiyənin mədəni sərvətləri "Türkiyə Yüziliyi" dövründə bir-bir gün üzünə çıxmağa davam edəcək.



