Əsas səhifə » İsrail Suriyaya hava hücumu edib

İsrail Suriyaya hava hücumu edib

BAKI, AzerVoice

İsrail Suriyaya hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, İsrail ordusu Suriyadan atıldığı iddia edilən və işğal altındakı Qolan təpələrində açıq əraziyə düşən raketlərə cavab olaraq, Suriyanın cənubuna hava hücumu təşkil edib.

İsrail hərbi qüvvələri Suriyanın Dəranın qərbindəki Yarmuk hövzəsini hədəfə aldığını açıqlayıb. Bildirilib ki, Suriyadan atılan iki raketə cavab olaraq həm hava, həm də artilleriya zərbələri endirilib. Rəsmi bəyanatda bu hücumlara görə məsuliyyətin yeni Dəməşq rəhbərliyinə aid olduğu vurğulanıb və gələcəkdə daha sərt cavabların verilə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

İsrailin müdafiə naziri Yisrael Katz isə X platformasında verdiyi açıqlamada Suriyanı əlavə hücumlarla hədələyib.

Qeyd edək ki, İsrail ordusu 2024-cü ilin dekabrında Qolan təpələrinə bitişik bufer zonanı işğal edərək, mövqelərini Dəməşqin 20 kilometrliyinə qədər genişləndirmişdi. Baas rejiminin süqutundan sonra Suriyada bir çox nöqtəyə hücumlar həyata keçirən İsrail, 2 may 2025-ci il tarixində də Dəməşqdə Prezident Sarayına yaxın əraziyə zərbələr endirib və həmin günün gecəsi ölkənin beş vilayətində azı 14 hədəfə hava hücumu təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice