BAKI, AzerVoice
ABŞ Suriyadakı hərbi bazalarının əksəriyyətini bağlamağa
hazırlaşır
.
AzerVoice xəbər verir ki, ABŞ-ın
Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak ölkəsinin Suriyadakı hərbi
mövcudluğunu mərhələli şəkildə azaltdığını və yalnız bir bazanın
fəaliyyətini davam etdirəcəyini bildirib.
“Əməliyyat çərçivəsində hərbi mövcudluğumuzu azaltdıq. Səkkiz bazamızı əvvəlcə beşə, daha sonra üçə endirdik. Yəqin ki, yalnız bir bazanı saxlayacağıq” - deyə NTV telekanalına verdiyi müsahibədə Barak deyib.
Barak həmçinin vurğulayıb ki, prezident Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni administrasiya hələ də ciddi təhlükəsizlik çağırışları ilə üz-üzədir.
Qeyd edək ki, ABŞ on ildən artıqdır ki, Suriyada İŞİD-ə qarşı beynəlxalq koalisiyanın tərkibində hərbi iştirakını davam etdirirdi. İŞİD-in məğlubiyyətindən sonra bu mövcudluğun gələcəyi müzakirə mövzusuna çevrilmişdi.
Altı ay əvvəl Suriya prezidenti Bəşər Əsədin devrilməsi və vətəndaş müharibəsinin başa çatması fonunda ölkədə yeni rəhbərlik məzhəb qarşıdurmaları və təhlükəsizliklə bağlı çətinliklərlə üzləşir.
Pentaqon isə aprel ayında verdiyi açıqlamada Suriyada yerləşdirilən ABŞ hərbçilərinin sayının yaxın aylarda 1000 nəfərdən az olacağını bildirmişdi.