Əsas səhifə » Qətər və Səudiyyə Suriyaya maliyyə yardımı göstərməyə hazırlaşır

Qətər və Səudiyyə Suriyaya maliyyə yardımı göstərməyə hazırlaşır

BAKI, AzerVoice

Qətər və Səudiyyə Ərəbistanı Suriyaya maliyyə və təhlükəsizlik dəstəyi verir.

AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanı və Qətər Suriyada sabitliyin bərpası üçün həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə birgə əməkdaşlıq addımları atmağa başlayıb.

Səudiyyə Ərəbistanının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud və Suriyanın daxili işlər naziri Enes Hattab Ciddədə görüşərək ictimai təhlükəsizlik, sərhəd təhlükəsizliyi və kəşfiyyat məlumatlarının paylaşılması sahəsində əməkdaşlığın gücləndirilməsinə razılıq veriblər. Görüşdə hər iki ölkənin yüksək səviyyəli rəsmiləri iştirak edib.

Səudiyyə şahzadəsi bildirib ki, bu təşəbbüs kral Salman bin Əbdüləzizin və vəliəhd şahzadə Məhəmməd bin Salmanın tapşırığı ilə həyata keçirilir və məqsəd regional sabitliyə töhfə verməkdir.

Eyni zamanda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın Dəməşqə son səfərində Qətərlə birgə Suriyada dövlət işçilərinə maliyyə dəstəyi proqramı başlatmaq planı açıqlanıb. Bu addım müharibədən sonrakı bərpa mərhələsində olan Suriyada iqtisadi sabitliyin təmin olunmasına yönəlib.

Qeyd edək ki, tərəflər arasında uzun müddət fasilə verilmiş diplomatik əlaqələrin yenidən qurulması fonunda baş verən bu yaxınlaşma Səudiyyə Ərəbistanının bölgədə artan diplomatik aktivliyi ilə izah olunur. Ekspertlər bunu ərəb ölkələrinin Suriya ilə münasibətlərdə yeni mərhələyə keçidi kimi qiymətləndirirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice