Əsas səhifə » "Atletiko" Enzo Millotun transferinə yaxındır

"Atletiko" Enzo Millotun transferinə yaxındır

BAKI, AzerVoice

İspaniya təmsilçisi "Atletiko Madrid", Bundesliqa klubu "Ştutqart"da çıxış edən fransalı mərkəz yarımmüdafiəçi Enzo Millotu transfer etməyə çox yaxındır.

AzerVoice xəbər verir ki, bu barədə Fransanın L'Équipe qəzeti məlumat verib.

Məlumata görə, "Atletiko" oyunçu ilə şəxsi şərtlər barədə danışıqlara başlayıb.

"Qalatasaray"ın da gündəmində olan 23 yaşlı futbolçu ilə İstanbul təmsilçisinin bu həftə menecerləri vasitəsilə əlaqə saxladığı, lakin hələlik razılıq əldə olunmadığı bildirilib.

Enzo Millotun "Ştutqart" ilə 2028-ci ilə qədər müqaviləsi olsa da, razılaşmada yer alan 20 milyon avroluq sərbəstqalma maddəsi aktivləşdirilə bilər. Mərkəz yarımmüdafiəni gücləndirmək istəyən "Atletiko Madrid", bu məbləği ödəyərək transferi qısa zamanda yekunlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, "Atletiko Madrid" yay transfer dövründə heyətinə David Hanko, Coni Kardozo və Aleks Baena kimi oyunçuları qataraq transfer xərclərini 150 milyon avrodan çox artırıb. Buna baxmayaraq, texniki heyət orta sahədə daha çox alternativin lazım olduğunu düşünür. Rodriqo De Paul və Saul Niquezin komandadan ayrılması, Tomas Lemarın isə göndəriləcək oyunçular siyahısında yer alması fonunda Enzo Millot bu mövqedə əsas hədəfə çevrilib.

Ötən mövsümdəki çıxışı ilə təkcə Almaniyada deyil, bütün Avropada diqqət çəkən Millotun yeni komandası yaxın günlərdə bəlli ola bilər. "Qalatasaray"ın bu transferə cavab verib-verməyəcəyi isə hələlik sual altındadır.

Digər Kateqoriyalar

2025 © Azervoice