Əsas səhifə » Aynur Sofiyeva: “Şahmatçılarımızın uğurlarının kökündə Heydər Əliyevin idman siyasəti dayanır”

Aynur Sofiyeva: “Şahmatçılarımızın uğurlarının kökündə Heydər Əliyevin idman siyasəti dayanır”

Bakı, AzerPress:

“Hər birimiz Ulu Öndər Heydər Əliyevi dərin ehtiram və sevgi ilə anırıq. O, Azərbaycanın dünəni, bu günü və sabahıdır”.

Bunu İdman.biz saytına Azərbaycanın və İslam dünyasının ilk beynəlxalq qadın qrossmeysteri Aynur Sofiyeva Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı danışarkən deyib.

O bildirib ki, hər bir sahədə Heydər Əliyevin imzası var: “Xüsusilə də şahmat sahəsində unudulmaz liderimizin əməyi çox böyükdür. Bu idman növündə qazanılan qələbələr, yüksək nəticələrin hamısı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman xüsusi tapşırıq verdi ki, hər bir rayonda idman qurğuları, eyni zamanda şahmat məktəbləri açılsın. Bununla da uşaqlar və gənclər şahmat məktəblərinə axın etdilər. Təbii ki, bu uşaqlar arasında istedadı olanlar aşkarlandı və həmin şahmatçılar dünyada Azərbaycan şahmatını tanıdaraq, məktəbini formalaşdırdılar. Bu gün də Azərbaycan şahmatçıları böyük uğurları ilə bizi tez-tez sevindirirlər və ölkəmizi bir daha bütün dünyada tanıtmağa davam edirlər. Təbii ki, bunun kökündə Heydər Əliyevin idman siyasəti dayanır”.

Ulu Öndər Heydər Əliyevlə bağlı öz xatirələrindən danışan Sofiyeva qazandığı uğurlara görə ona borclu olduğunu vurğulayıb: “Məhz onun diqqəti, qayğısı və bu istiqamətdə verdiyi tapşırıqları nəticəsində mənim üçün böyük imkanlar yarandı və uğur qazana bildim. Əlbəttə, xoşbəxt insanam ki, belə bir dahi şəxsiyyətlə görüşmüşəm. Çünki bu hər bir adama qismət olmur. Biz dəfələrlə Heydər Əliyevlə görüşmüşük. O günləri mən indiyə kimi xatırlayıram. Ölməz liderimizin baxışları, təbəssümü, bizə verdiyi tövsiyələr silinməz olaraq yaddaşımızda qalıb. Hər birimiz verdiyi tapşırıqlara xüsusi olaraq yanaşırdıq və yadda saxlayırdıq. Çünki liderimizin bizim üçün səsləndirdiyi hər fikir böyük məktəb idi”.

İdman.biz

Digər Kateqoriyalar

2025 © Azervoice