BAKI, AzerVoice
İngiltərənin aparıcı futbol klublarından olan Liverpool, Real Madridin braziliyalı hücumçusu Rodriqo Goes-in transferi üçün 100 milyon avro dəyərində təklif hazırlayır.
AzerVoice xəbər verir ki, Mersisayd təmsilçisi artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlamağı planlaşdırır.
23 yaşlı cinah oyunçusu üçün digər Premyer Liqa klubu Arsenal da maraq göstərsə də, Liverpoolun bu transferə ciddi şəkildə daxil olması London təmsilçisinin şanslarını azalda bilər.
Yeni baş məşqçi Arne Slotun rəhbərliyi ilə heyətini yenidən formalaşdırmağa çalışan Liverpool Rodriqonu hücum xəttində əsas oyunçu kimi görür.
Rodriqonun Real Madriddəki gələcəyi qeyri-müəyyəndir. Klubun yeni baş məşqçisi Xabi Alonso ilə futbolçunun oyun müddətinin azaldılması ehtimalı onun komandadan ayrılmaq istəyini gücləndirib. Madrid klubu isə yalnız 100 milyon avroluq rəsmi təklif qarşılığında oyunçunu buraxmağa hazır olduğunu bəyan edib.
Liverpool rəhbərliyi Rodriqonun oyun üslubunu komandanın taktiki modelinə uyğun hesab edir və onu uzunmüddətli layihənin əsas parçası kimi görür. Klub həmçinin Nykasl Yunayteddən Aleksander İsak, Frankfurtdan Hüqo Ekitike və Mançester Yunayteddən Markus Reşfordu da alternativ namizədlər siyahısında saxlayır.
Rodriqonun transferi reallaşarsa, bu Liverpoolun yay transfer kampaniyasındakı ən böyük və ən bahalı transferlərindən biri olacaq.